Ölkəmizin ümumtəhsil müəssisələrində
işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq
etdiyi müvafiq normativ-hüquqi sənədlərlə
tənzimlənir. Həmin sənədlərə əsasən müəllimin
dərs yükünün aşağı həddi - bir stavka
12 saat müəyyənləşib. Dərs yükünün yuxarı
həddi isə ayrı-ayrı dövrlərdə müxtəlif
olub. Məsələn, Nazirlər Kabinetinin 2010-cu il
24 noyabr tarixli "Təhsil müəssisələrinin
dərs yükü normalarının müəyyən edilməsi
haqqında" qərarına əsasən ümumtəhsil və
peşə təhsili müəssisələrində çalışan
tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat
müəyyən edilmişdi. Lakin Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə bütün tipdən olan
ümumtəhsil məktəblərində həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb.
Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər ölkələrində ümumtəhsil sistemində müəllimlərin
həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) müəyyənləşdirilir. Maksimum həddə isə
məhdudiyyət qoyulmur. Bütün bunlar məsələnin hüquqi tərəfidir. Məsələnin digər tərəfi isə müəllimin
nəzərdə tutulan bu dərs yükünün öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlıdır.
Dərsin keyfiyyətinə müxtəlif amillər təsir edir: müəllimin fiziki imkanları, bilik və intellekt səviyyəsi,
metodik hazırlığı, emosional və psixi vəziyyəti və s.
Bəs, görəsən bütün bu amilləri nəzərə alsaq müəllim həftədə neçə saat dərs deyə bilər?
Sualımıza cavab tapmaq məqsədilə mütəxəssis və müəllimlərin fikirlərini öyrəndik.
pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim
Hər bir fəaliyyət sahəsində olduğu kimi, təhsil sahəsində də görüləcək işin onu görən insanlar
arasında düzgün və dəqiq bölünməsi mühüm əhəmiyyət daşıyır. Dərs bölgüsü anlayışı altında
məktəbdə çalışan müəllimlərin tədris yükünün nə qədər olması nəzərdə tutulur. Bəllidir ki, hər
bir məktəbdə müəllimin fəaliyyət dairəsi genişdir. O, məktəbin ictimai işlərində və digər təşkilati
işlərdə çalışır, eləcə də dərnəklər, fakültativ məşğələlər aparır, hər hansı sinfə rəhbərlik
edir və s. Amma bunların heç biri onun dərs yükünə daxil deyil. Dərs yükü dedikdə müəllimin
sabit cədvəl əsasında konkret fənn üzrə proqrama əsaslanan, sabit şagird heyəti ilə apardığı
məşğələlər nəzərdə tutulur. Yəni, dərs cədvəlində bir həftə ərzində müəyyənləşdirilmiş
tədris fəaliyyəti gerçəkləşdirilir.
Təcrübədən bəllidir ki, hər bir müəllimin maksimum tədris yükünün nə qədər olması qanunvericiliklə
tənzimlənir. Biz dərs yükünün 24 saat, 18 saat olduğu zamanların şahidi olmuşuq, lakin
1990-cı illərin əvvəllərindən müəllimlərin bir həftəlik dərs yükü 12 saat müəyyənləşdirilmişdir.
Hazırda dərs yükünün nə qədər olması ilə əlaqədar müzakirələr gedir və yaxud bir müəllim bir həftə
ərzində neçə saat dərs deməklə əməkhaqqını yüksəldə bilər kimi fikirlər mətbuatda da öz əksini tapır.
Təcrübədən görünür ki, 12 saatlıq norma üzrə dərs deyən müəllim onu 24 saata qaldırmaqla
əməkhaqqını 2 dəfə artıra bilər. Lakin bir oklad dərs yükündən artıq deyilən dərsin
əməkhaqqının necə hesablanması rəhbər icra orqanının təlimatı göstərişindən asılı olur.
Əlbəttə, bu da həlli dəqiqlik tələb edən məsələlərdən biridir. Mənim əsas fikrim isə müəllimin
bir həftə ərzində neçə saat dərs deyə bilməsi ilə əlaqədardır. Fikrimcə, müəllim bir həftədə
18 saat normal dərs deyə bilər. Əgər saatların sayı artırılarsa, həmin artırılmış dərslərin
səmərəliliyi standarta uyğun ola bilməz. Çünki müəllimin tədris fəaliyyəti onun təfəkkürü,
elmi və metodik hazırlığı və bunlardan istifadə bacarığı ilə bağlıdır. Bütün bunlar isə hər gün
3 və ya 4 saat dərs deməklə öz effektini saxlayır. Əgər müəllimə 26, 30, 36 saat dərs yükü
müəyyənləşdirilərsə, heç şübhəsiz, müəllim tezliklə yorular və dediyi dərslərin keyfiyyəti
təminedici olmaz.
Hamıya bəllidir ki, müəllim dərsi keçməzdən əvvəl saatlarla ona hazırlıq aparır. O,
ixtisas bilgisi ilə yanaşı metodik axtarışlarda olur. Əyanilik və İKT-dən istifadə üçün materiallar
hazırlayır. Tədrisdə müxtəlif iş forma və metodlarından istifadəni layihələndirir. Yəni, hər bir
müəllim deyəcəyi dərs üçün xeyli hazırlıq vaxtı sərf edir və yaxud tapşırıqların
yoxlanması, yoxlama işlərinin dəyərləndirilməsi, əlavə tapşırıqların hazırlanması və bu
kimi işlərin görülməsi müəllimdən vaxt və enerji tələb edir. Belə olan şəraitdə çox dərs
deməyə çalışan müəllimlər həm onun hazırlıq mərhələsini, həm də tədris mərhələsini lazımi
səviyyədə həyata keçirə bilmirlər. Bu mənim 50 illik təcrübəmdən gələn qənaətlərimdir. Fikrimcə,
həftədə 12 saatlıq dərs yükü 1 oklad hesab edilməklə müəllimlərə oklad yarımlıq tədris fəaliyyəti
imkanı vermək məqsədəuyğun olar.
Bəzi ekspertlər müəllimin tədris yükünün 30-36 saata qədər qaldırılmasını onun əməkhaqqının
artırılması mövqeyindən gərəkli bilirlər. Təbii ki, müəllimə zəhmətinin dəyərinə görə əməkhaqqı
vermək lazımdır. Lakin bu əməkhaqqı elə bir oklad üçün nəzərdə tutulmalıdır. Əməkhaqqı xatirinə
müəllimi, necə deyərlər, robota çevirmək heç də məqsədəuyğun deyil.
Mən diqqəti bir cəhətə də yönəltmək istərdim. Bu da ondan ibarətdir ki, əslində müəllimlərin
əməkhaqqı 1 həftədə dediyi dərsin miqdarına görə yox, bir ayda dediyi dərsin miqdarına görə ödənilsin.
Hazırda müəllimlərin əməkhaqqı bir həftəlik dərs yükünə görə hesablanır və bu bir ay üçün nəzərdə
tutulur. Yaxşı olar ki, bir həftəlik əməkhaqqı 4 həftəyə vurulsun və ayın sonunda cəmlənib verilsin.
Bir neçə kəlmə də hazırda ümumtəhsil məktəblərindəki dərs bölgüsü təcrübəsinə aid demək istərdim.
Müşahidələrdən aydın olur ki, respublikanın bəzi məktəblərində direktor müavinləri və məktəb
direktorları dərs bölgüsündən mənfəətlənmək məqsədi ilə vasitə kimi istifadə edirlər. Məsələn, eyni
fəndən hansı müəlliməsə dərs saatını çox, hansı müəllimə isə az nəzərdə tutur və yaxud bəzi
müəllimlərə ixtisası olmayan fənlərdən dərs yükü verir. Bu cür hallar məktəbdə sağlam psixoloji
ahəngi pozur, haqlı narazılıqlar yaradır, həmçinin tədris səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Pedaqoji tələb belədir ki, eyni ixtisas üzrə dərs deyən müəllimlərin tədris yükü bərabər bölünməlidir.
Fənlər hər müəllimin ixtisasına uyğun olaraq paylaşdırılmalıdır.
TPİ-nin direktor müavini, dosent, əməkdar müəllim
Müəllimin dərs yükü həmişə müzakirə obyekti olub. Tələbatlara, əldə olunan təcrübələrə
əsasən müxtəlif fikirlər söylənilib. Düşünmək olar ki, belə pedaqoji polemika gələcəkdə
də davam edə bilər. Bu, məsələnin sosial-pedaqoji xarakterindən irəli gəlir. Təbii ki,
bu məsələ barəsində müəyyən fikir söyləmək üçün pedaqoji tədqiqatlara söykənmək
daha obyektiv münasibət bildirməyə imkan verər.
Təhsil tarixində ümumtəhsil məktəbi müəllimlərinin dərs yükünə münasibət ayrı-ayrı
vaxtlarda müxtəlif cür olmuşdur. Bir vaxtlar 1 stavka üçün 24 saat, sonralar 18 saat
müəyyənləşdirilmişdir. Bu gün isə minimum dərs yükü (1stavka) 12 saatdır. Göründüyü
kimi, 1 stavka dərs yükünün illər keçdikcə azalması cəmiyyətin tədris-təlim
prosesinə olan tələblərinin artmasından, müəllimin fəaliyyət dairəsinin genişlənməsindən,
işinin tədricən ağırlaşmasından irəli gəlmişdir. Bu proses indi də davam etməkdədir.
Müasir dünyanın inkişaf sürəti müəllimin qarşısına qoyulan tələbləri daha da artırır.
Yeni təhsil konsepsiyası müasir müəllimdən bütün ənənəvi keyfiyyətlərlə
yanaşı, standartların reallaşdırılmasında müstəqil və yaradıcı olmağı, müxtəlif təhsil şəraitinə
uyğun strategiyalar hazırlamağı, müvafiq pedaqoji texnologiyalar müəyyənləşdirməyi,
bir sözlə, özünə xas olan tədris sistemini yaratmağı tələb edir. Bunun üçün müəllim
tədqiqatçılıq bacarığına malik olmalı, pedaqoji fəaliyyətini layihələşdirməyi, planlaşdırmağı və
onu real müstəvidə həyata keçirməyi bacarmalıdır. O, işini sadəcə müəyyən bilik və
bacarıqlar aşılamaqla yekunlaşdırmamalı, şagirdlərində tələb olunan səriştələrin
(kompetensiyaların), qabiliyyətlərin formalaşması ilə tamamlamalı və bu nəticələrlə də
hesabatlı olmalıdır. Qlobal dünyanın tələb etdiyi və gündən-günə miqyası artan bu pedaqoji
missiyanın yerinə yetirilməsində müəllimlərin minimum dərs yükünü yetərli hesab etmək olar.
Təcrübələr də onu göstərir ki, minimum dərs yükü müəllimin daha məhsuldar və keyfiyyətli
tədris fəaliyyətinə təminat verir.
Müəllimin maksimum dərs yükünə gəldikdə isə, əksər ölkələrdə ona məhdudiyyət qoyulmur.
Daha doğrusu, normallaşdırılmır. Məktəblərdə bu məsələyə müəssisənin ehtiyacları,
müəllimlərin potensial imkanları baxımından yanaşılır.
Azərbaycanda isə müəllim və dərnək rəhbərlərinin dərs yükünün maksimum
həddi 36 saat müəyyənləşdirilməklə normallaşdırılmışdır. Bu gün maksimum dərs yükünün
24 saatdan 36 saata qaldırılması müzakirələrə səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək ki,
müəyyən olunmuş 12 saat (1 stavka) dərsdən əlavə müəllimlərə verilmiş hər bir dərs saatı
onların tədris yükünü artırır və təbii olaraq bu, keyfiyyətə mənfi təsir göstərir. Lakin maksimum
dərs yükünün hər hansı həddə müəyyənləşdirilməsi təhsilin idarə olunması baxımından
əhəmiyyətli hesab edilir.