23 Kasım 2014 Pazar

BİLİK YARIŞININ ÖNCÜLLƏR - 2014 !

TQDK 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatları “Abituriyent” jurnalında dərc etmişdir












Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının 11-ci sayını onlara həsr etmişdir. Jurnalda ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014-cü il tarixli Sərəncamı, TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunmuşdur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilmişdir. 
Çox sevindirici haldır ki, bu məcmuədə mənim də 5 şagirdimin adları da yer alıb. təbrik edirəm hən sizi, həm də özümü, mənim fəxrlərim!
Onların adlarını Sizə təqdim edirəm:
  1. Qüdrətli Qəmər          683 bal
  2. Səmədli Elnarə           645 bal
  3. Hüseynli İlkin              634 bal
  4. Məmmədova Nərmin   606 bal
  5. Qasımlı Fərhad           605 bal

21 Kasım 2014 Cuma

MÜƏLLİM HƏFTƏDƏ NEÇƏ SAAT DƏRS DEYƏ BİLƏR?



Ölkəmizin ümumtəhsil müəssisələrində 
işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq
 etdiyi müvafiq normativ-hüquqi sənədlərlə 
tənzimlənir. Həmin sənədlərə əsasən müəllimin 
dərs yükünün aşağı həddi - bir stavka 
12 saat müəyyənləşib. Dərs yükünün yuxarı 
həddi isə ayrı-ayrı dövrlərdə müxtəlif 
olub. Məsələn, Nazirlər Kabinetinin 2010-cu il 
24 noyabr tarixli "Təhsil müəssisələrinin 
dərs yükü normalarının müəyyən edilməsi
 haqqında" qərarına əsasən ümumtəhsil və 
peşə təhsili müəssisələrində çalışan 
tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat 
müəyyən edilmişdi. Lakin Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə bütün tipdən olan 
ümumtəhsil məktəblərində həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb. 
Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər ölkələrində ümumtəhsil sistemində müəllimlərin 
həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) müəyyənləşdirilir. Maksimum həddə isə 
məhdudiyyət qoyulmur. Bütün bunlar məsələnin hüquqi tərəfidir. Məsələnin digər tərəfi isə müəllimin 
nəzərdə tutulan bu dərs yükünün öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlıdır.
Dərsin keyfiyyətinə müxtəlif amillər təsir edir: müəllimin fiziki imkanları, bilik və intellekt səviyyəsi, 
metodik hazırlığı, emosional və psixi vəziyyəti və s.
Bəs, görəsən bütün bu amilləri nəzərə alsaq müəllim həftədə neçə saat dərs deyə bilər? 
Sualımıza cavab tapmaq məqsədilə mütəxəssis və müəllimlərin fikirlərini öyrəndik.
* * *


Əjdər AĞAYEV,  

pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim


Hər bir fəaliyyət sahəsində olduğu kimi, təhsil sahəsində də görüləcək işin onu görən insanlar 
arasında düzgün və dəqiq bölünməsi mühüm əhəmiyyət daşıyır. Dərs bölgüsü anlayışı altında 
məktəbdə çalışan müəllimlərin tədris yükünün nə qədər olması nəzərdə tutulur. Bəllidir ki, hər 
bir məktəbdə müəllimin fəaliyyət dairəsi genişdir. O, məktəbin ictimai işlərində və digər təşkilati
 işlərdə çalışır, eləcə də dərnəklər, fakültativ məşğələlər aparır, hər hansı sinfə rəhbərlik 
edir və s. Amma bunların heç biri onun dərs yükünə daxil deyil. Dərs yükü dedikdə müəllimin 
sabit cədvəl əsasında konkret fənn üzrə proqrama əsaslanan, sabit şagird heyəti ilə apardığı 
məşğələlər nəzərdə tutulur. Yəni, dərs cədvəlində bir həftə ərzində müəyyənləşdirilmiş
 tədris fəaliyyəti gerçəkləşdirilir.
Təcrübədən bəllidir ki, hər bir müəllimin maksimum tədris yükünün nə qədər olması qanunvericiliklə 
tənzimlənir. Biz dərs yükünün 24 saat, 18 saat olduğu zamanların şahidi olmuşuq, lakin 
1990-cı illərin əvvəllərindən müəllimlərin bir həftəlik dərs yükü 12 saat müəyyənləşdirilmişdir.
Hazırda dərs yükünün nə qədər olması ilə əlaqədar müzakirələr gedir və yaxud bir müəllim bir həftə 
ərzində neçə saat dərs deməklə əməkhaqqını yüksəldə bilər kimi fikirlər mətbuatda da öz əksini tapır.
Təcrübədən görünür ki, 12 saatlıq norma üzrə dərs deyən müəllim onu 24 saata qaldırmaqla 
əməkhaqqını 2 dəfə artıra bilər. Lakin bir oklad dərs yükündən artıq deyilən dərsin 
əməkhaqqının necə hesablanması rəhbər icra orqanının təlimatı göstərişindən asılı olur. 
Əlbəttə, bu da həlli dəqiqlik tələb edən məsələlərdən biridir. Mənim əsas fikrim isə müəllimin 
bir həftə ərzində neçə saat dərs deyə bilməsi ilə əlaqədardır. Fikrimcə, müəllim bir həftədə 
18 saat normal dərs deyə bilər. Əgər saatların sayı artırılarsa, həmin artırılmış dərslərin 
səmərəliliyi standarta uyğun ola bilməz. Çünki müəllimin tədris fəaliyyəti onun təfəkkürü, 
elmi və metodik hazırlığı və bunlardan istifadə bacarığı ilə bağlıdır. Bütün bunlar isə hər gün 
3 və ya 4 saat dərs deməklə öz effektini saxlayır. Əgər müəllimə 26, 30, 36 saat dərs yükü 
müəyyənləşdirilərsə, heç şübhəsiz, müəllim tezliklə yorular və dediyi dərslərin keyfiyyəti 
təminedici olmaz.
Hamıya bəllidir ki, müəllim dərsi keçməzdən əvvəl saatlarla ona hazırlıq aparır. O, 
ixtisas bilgisi ilə yanaşı metodik axtarışlarda olur. Əyanilik və İKT-dən istifadə üçün materiallar
 hazırlayır. Tədrisdə müxtəlif iş forma və metodlarından istifadəni layihələndirir. Yəni, hər bir
müəllim deyəcəyi dərs üçün xeyli hazırlıq vaxtı sərf edir və yaxud tapşırıqların 
yoxlanması, yoxlama işlərinin dəyərləndirilməsi, əlavə tapşırıqların hazırlanması və bu 
kimi işlərin görülməsi müəllimdən vaxt və enerji tələb edir. Belə olan şəraitdə çox dərs 
deməyə çalışan müəllimlər həm onun hazırlıq mərhələsini, həm də tədris mərhələsini lazımi 
səviyyədə həyata keçirə bilmirlər. Bu mənim 50 illik təcrübəmdən gələn qənaətlərimdir. Fikrimcə, 
həftədə 12 saatlıq dərs yükü 1 oklad hesab edilməklə müəllimlərə oklad yarımlıq tədris fəaliyyəti 
imkanı vermək məqsədəuyğun olar.
Bəzi ekspertlər müəllimin tədris yükünün 30-36 saata qədər qaldırılmasını onun əməkhaqqının 
artırılması mövqeyindən gərəkli bilirlər. Təbii ki, müəllimə zəhmətinin dəyərinə görə əməkhaqqı 
vermək lazımdır. Lakin bu əməkhaqqı elə bir oklad üçün nəzərdə tutulmalıdır. Əməkhaqqı xatirinə 
müəllimi, necə deyərlər, robota çevirmək heç də məqsədəuyğun deyil.
Mən diqqəti bir cəhətə də yönəltmək istərdim. Bu da ondan ibarətdir ki, əslində müəllimlərin 
əməkhaqqı 1 həftədə dediyi dərsin miqdarına görə yox, bir ayda dediyi dərsin miqdarına görə ödənilsin. 
Hazırda müəllimlərin əməkhaqqı bir həftəlik dərs yükünə görə hesablanır və bu bir ay üçün nəzərdə
 tutulur. Yaxşı olar ki, bir həftəlik əməkhaqqı 4 həftəyə vurulsun və ayın sonunda cəmlənib verilsin.
Bir neçə kəlmə də hazırda ümumtəhsil məktəblərindəki dərs bölgüsü təcrübəsinə aid demək istərdim. 
Müşahidələrdən aydın olur ki, respublikanın bəzi məktəblərində direktor müavinləri və məktəb 
direktorları dərs bölgüsündən mənfəətlənmək məqsədi ilə vasitə kimi istifadə edirlər. Məsələn, eyni
 fəndən hansı müəlliməsə dərs saatını çox, hansı müəllimə isə az nəzərdə tutur və yaxud bəzi 
müəllimlərə ixtisası olmayan fənlərdən dərs yükü verir. Bu cür hallar məktəbdə sağlam psixoloji 
ahəngi pozur, haqlı narazılıqlar yaradır, həmçinin tədris səviyyəsinin aşağı düşməsinə səbəb olur.
 Pedaqoji tələb belədir ki, eyni ixtisas üzrə dərs deyən müəllimlərin tədris yükü bərabər bölünməlidir. 
Fənlər hər müəllimin ixtisasına uyğun olaraq paylaşdırılmalıdır.
* * *


Ənvər ABBASOV, 
TPİ-nin direktor müavini, dosent, əməkdar müəllim


Müəllimin dərs yükü həmişə müzakirə obyekti olub. Tələbatlara, əldə olunan təcrübələrə 
əsasən müxtəlif fikirlər söylənilib. Düşünmək olar ki, belə pedaqoji polemika gələcəkdə 
də davam edə bilər. Bu, məsələnin sosial-pedaqoji xarakterindən irəli gəlir. Təbii ki, 
bu məsələ barəsində müəyyən fikir söyləmək üçün pedaqoji tədqiqatlara söykənmək 
daha obyektiv münasibət bildirməyə imkan verər.
Təhsil tarixində ümumtəhsil məktəbi müəllimlərinin dərs yükünə münasibət ayrı-ayrı 
vaxtlarda müxtəlif cür olmuşdur. Bir vaxtlar 1 stavka üçün 24 saat, sonralar 18 saat 
müəyyənləşdirilmişdir. Bu gün isə minimum dərs yükü (1stavka) 12 saatdır. Göründüyü 
kimi, 1 stavka dərs yükünün illər keçdikcə azalması cəmiyyətin tədris-təlim 
prosesinə olan tələblərinin artmasından, müəllimin fəaliyyət dairəsinin genişlənməsindən, 
işinin tədricən ağırlaşmasından irəli gəlmişdir. Bu proses indi də davam etməkdədir. 
Müasir dünyanın inkişaf sürəti müəllimin qarşısına qoyulan tələbləri daha da artırır. 
Yeni təhsil konsepsiyası müasir müəllimdən bütün ənənəvi keyfiyyətlərlə 
yanaşı, standartların reallaşdırılmasında müstəqil və yaradıcı olmağı, müxtəlif təhsil şəraitinə 
uyğun strategiyalar hazırlamağı, müvafiq pedaqoji texnologiyalar müəyyənləşdirməyi, 
bir sözlə, özünə xas olan tədris sistemini yaratmağı tələb edir. Bunun üçün müəllim 
tədqiqatçılıq bacarığına malik olmalı, pedaqoji fəaliyyətini layihələşdirməyi, planlaşdırmağı və 
onu real müstəvidə həyata keçirməyi bacarmalıdır. O, işini sadəcə müəyyən bilik və 
bacarıqlar aşılamaqla yekunlaşdırmamalı, şagirdlərində tələb olunan səriştələrin 
(kompetensiyaların), qabiliyyətlərin formalaşması ilə tamamlamalı və bu nəticələrlə də 
hesabatlı olmalıdır. Qlobal dünyanın tələb etdiyi və gündən-günə miqyası artan bu pedaqoji 
missiyanın yerinə yetirilməsində müəllimlərin minimum dərs yükünü yetərli hesab etmək olar. 
Təcrübələr də onu göstərir ki, minimum dərs yükü müəllimin daha məhsuldar və keyfiyyətli 
tədris fəaliyyətinə təminat verir.
Müəllimin maksimum dərs yükünə gəldikdə isə, əksər ölkələrdə ona məhdudiyyət qoyulmur. 
Daha doğrusu, normallaşdırılmır. Məktəblərdə bu məsələyə müəssisənin ehtiyacları, 
müəllimlərin potensial imkanları baxımından yanaşılır.
Azərbaycanda isə müəllim və dərnək rəhbərlərinin dərs yükünün maksimum 
həddi 36 saat müəyyənləşdirilməklə normallaşdırılmışdır. Bu gün maksimum dərs yükünün 
24 saatdan 36 saata qaldırılması müzakirələrə səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 
müəyyən olunmuş 12 saat (1 stavka) dərsdən əlavə müəllimlərə verilmiş hər bir dərs saatı 
onların tədris yükünü artırır və təbii olaraq bu, keyfiyyətə mənfi təsir göstərir. Lakin maksimum
 dərs yükünün hər hansı həddə müəyyənləşdirilməsi təhsilin idarə olunması baxımından 
əhəmiyyətli hesab edilir.
* * *



V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verildi




V “Elektron Təhsil” Respublika müsabiqəsinə 
təqdim olunan işlər Ekspert komissiyasının 
üzvləri tərəfindən qiymətləndirildi.


Qiymətləndirməyə əsasən, 978 layihədən 
302 layihə nominant adını qazanaraq, 
növbəti III mərhələyə keçirilmişdir. Bu mərhələdə 
qiymətləndirmə Münsiflər heyətinin üzvləri
 tərəfindən həyata keçiriləcəkdir.
 Münsiflər təqdim olunan işləri 0-10 bal 
sistemi ilə onlayn olaraq qiymətləndirəcəklər. 
Nəticələrə uyğun olaraq, yüksək bal toplayan işlərin müəllifləri 
 Təşkilat Komitəsi qarşısında təqdimat edəcəklər və 
nominasiyalar üzrə qaliblər müəyyən ediləcəkdir.




Qeyd edim ki, müsabiqə “Dr. Web”, İntel korporasiyasının 
“Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, 
“AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və
“Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.



Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları,
noutbuklar, planşetlər,printerlər və digər mükafatlar təqdim olunacaq.
Çox sevindirici haldır ki, bu ilki müsabiqənin 
Müasir məktəbdə elektron tədris resursları: "1 şagird : 1 kompüter"
modelində ən uğurlu dərs nominasiyasında mənim də dərsim -  
"Ədəbi dilin qrammatik norması" nominant adını qazananlar 
sırasında yer alıb. Mən bu müsabiqəyə bu il tam ciddiyətimlə qoşulmuşam. 
İnanıram ki, bu il həqiqətən qaliblərdən biri mən olacam!

ƏDƏBİ DİLİN QRAMMATİK NORMASI Məşhur

Təqdim edən: Çingiz Muradlı
Mən, Muradlı Çingiz Məzahir oğlu İsamyıllı şəhər 3 nömrəli məktəb-liseyin 
Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Mənim bu layihədə iştirakımın 
əsas məqsədi XXI əsrdə - informatika əsrində hər bir şagirdin bilik, bacarıq və 
informasiya ehtiyaclarının ö ... Ətraflı...

20 Kasım 2014 Perşembe

"Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi"

Məlum olduğu kimi Azərbaycan Təhsil Şurasının xətti ilə  13-15 noyabr 2014-cü il tarixlərində Gürcüstan Respublikasının Kabuleti şəhərində "Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi" mövzusunda elmi-təcrübi konfrans keçirmişdir.  Konfransımız çox məhsuldar, olduqca maraqlı keçdi. Sevindirici haldır ki, bu beynəlxalq konfransda mən İKT-dən istifadə etməklə qurulan nümunəvi dərs modeli - "Məmməd Arazın həyat və yaradıcılığı" mövzusunda elektron dərs nümayiş etdirdim! Dərs həm gürcü, həm də azəri nümayəndə heyəti tərəfindən olduqca maraqla qarşılandı. Təəssüratlarım haqqında daha sonra ətraflı yazacam!

Gürcüstan konfransından qeydlər...
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Semral Murad ın konfransda “Azərbaycanın xalq şairi Məmməd Arazın həyat və yaradıcılığı” mövzusunda nümayiş etdirdiyi dərs Azərbaycan mədəniyyətinin, poeziyasının, mənəvi dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdı. Müəllimin ahəngdar səsi auditoriyada sükut yaratmışdı. Hamı Məmməd Araz möcüzəsinin sehrinə düşmüşdü. Çingiz Muradlı poeziyanın sehrli dili ilə dinləyicilərinə Azərbaycan mədəniyyətinin qızıl səhifələrindən məharətlə bəhs edirdi.